`Lotu Quli`nin kirvəsinin məhkəməsi - Polis ifadə verdi


18:06     27 Sentyabr 2017 1444642007_mehkeme-2.jpg

"Lotu Quli"nin kirvəsinin növbəti məhkəməsi keçirilib.


Femida.az xəbər verir ki, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

M.Namazovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.

Məhkəmədə şahid Fərid İsgəndərov ifadə verib. O, hazırda Gəncə Şəhər Polis İdarəsində işlədiyini bildirib.

Şahid qeyd edib ki, 2016-2017-ci illər arasında Ağstafa Rayon Polis İdarəsində müstəntiq vəzifəsində işləyib. Həmin ərəfədə M.Namazovgilin Ağstafada olan mənzilində məhkəmə qərarı ilə axtarış həyata keçiriblər.

O söyləyib ki, mənzilə baxış keçirəndə mənzildən iki ədəd avtmobil qeydiyyat nömrə nişanı tapıblar. Polis əməkdaşı evə baxış keçirən zaman uşaq otağından bir şəkil də götürüblər. Fotoda bir uşaq və silah-sursat əks olunub. Polis əməkdaşı evdən xəncər və patron da tapıldığını qeyd edib.

"Evdə axtarışı tamamlayıb, hal şahidlərinin iştirakı ilə sənədləşdirdik. Evdə olan xanımın adını xatırlamıram. Ondan evdən götürülən əşyalar barədə soruşanda xəbərsiz olduğunu söylədi. O, axtarışa heç bir etiraz etmədi və hətta axtarış aparmağımıza da kömək edirdi"- deyə şahid qeyd edib.

M.Namazov şahidə sual verərək deyib ki, polislərin patron tapdıqlarını dedikləri yer evin içi olmayıb: "Ora həyətdir. Evin içi olmayıb".

Polis əməkdaşı isə deyib ki, patronlar həyətə daxil olanda sağ tərəfdə tikilən mətbəxdə tapılıb.

Məhkəməyə digər şahidlər gəlməyib. Hakim onların məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə prosesi oktyabrın 4-nə təyin edilib.

Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Xatırladaq ki, "Lotu Quli"nin yeznəsi Vidadi Hüseynov da narkotik ittihamı ilə həbs edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdiksən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov "Bulaq"restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.

Bildirək ki, "Lotu Quli" 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Femida.az

Açar sözlər:

Oxunub: 1495